×
A
A
A
Sazlamalar

2020-ci il Özbəkistanda “Elmin, təhsilin və rəqəmsal iqtisadiyyatın inkişafı” ili elan olunub

Daşkənd, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclisə illik müraciət edib.
AZƏRTAC xəbər verir ki, ali qanunvericilik orqanına müraciətində dövlət başçısı 2019-cu ilə yekun vurub, yaxın gələcəkdə respublikanın inkişafının əsas istiqamətlərini açıqlayıb.
Prezident çıxışında bildirib ki, elmin və təhsilin inkişafı sahəsində başladıqları işləri davam etdirmək və müasir səviyyəyə qaldırmaq, gənclərin dərin biliklərə sahib, yüksək mədəniyyətli və mənəviyyatlı adamlar kimi yetişdirmək, rəqabətədavamlı iqtisadiyyat formalaşdırmaq üçün 2020-ci ili ölkədə “Elmin, təhsilin və rəqəmsal iqtisadiyyatın inkişafı” ili elan edib.
Rəqəmsal iqtisadiyyatın əhəmiyyətindən danışan Şavkat Mirziyoyev bildirib ki, qarşıdakı 5 il ərzində bu, prioritet vəzifə olacaq. Dövlət başçısı, həmçinin deyib: “Rəqəmsal iqtisadiyyat məni narahat edən ciddi problem - korrupsiya ilə mübarizədə səmərəli mexanizmdir”.
Şavkat Mirziyoyev vurğulayıb ki, 2019-cu ildə ölkəyə birbaşa olaraq 4,2 milyard dollar sərmayə qoyulub və bu, 2018-ci ildəkindən 3,1 milyard dollar çoxdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-01-24 18:18:00