×
A
A
A
Sazlamalar

Çin Xalq Respublikası liderinin Yaponiyaya səfərinə hazırlıq davam edir

Tokio, 24 yanvar, AZƏRTAC

Yaponiya və Çin hökumətləri Çin Xalq Respublikasının sədri Si Cinpinin aprelin əvvəllərinə planlaşdırılan dövlət səfəri ilə bağlı hazırlıq işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş Naziri Şinzo Abe ötən ilin iyununda keçirilən sammit zamanı Çin liderini sakuranın çiçəklədiyi vaxt Yaponiyaya dövlət səfərinə dəvət edib.
Hazırda iki ölkənin dövlət strukturları arasında digər tədbirlər, o cümlədən Yaponiya parlamentinin sessiyaları və aprelin ortalarında İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar mərasimlər nəzərə alınaraq dövlət səfərinin təşkili ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, parlamentin bir sıra deputatları Çin gəmilərinin Yaponiyanın ərazi sularına qeyri-qanuni daxil olmasını və bu ölkənin vətəndaşlarının Çin hökuməti tərəfindən saxlanmasını əsas gətirərək bu dəvətə qarşı çıxıblar.
Buna baxmayaraq, Baş Nazir Şinzo Abe bildirib ki, həmin səfər həm yaponlara, həm də dünyanın digər xalqlarına Yaponiya ilə Çinin bütün dünyada, o cümlədən regionda öz öhdəliklərini yerinə yetirərək sülhə və inkişafa nail olmaq niyyətlərini nümayiş etdirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-01-24 15:15:00