×
A
A
A
Sazlamalar

Ruslan Əliyev: Cari ildə 100-dən çox yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur

Xaçmaz, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC 

2020-ci ildə ölkəmizdə 100-dən çox yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bununla bağlı təklif və planlar artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər bundan sonra da davam etdiriləcək.
Bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Xaçmaz şəhərində keçirilən vətəndaş qəbulu zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
“2019-cu ildə ölkə ərazisində qazlaşdırma işləri uğurla həyata keçirilib. Ümumi qazlaşdırma səviyyəsi 96 faizə çatdırılıb. Ölkəmizin qaz təchizatı şəbəkəsinin genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək”, - deyə R.Əliyev bildirib.

Regionlar 2020-01-24 15:17:00