×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunun doktorantura və dissertanturasına 8 namizəd var

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə Qəbul Planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu başa çatıb.
İnstitutun Təhsil şöbəsindən AZƏRTAC-a bildirilib ki, 6 nəfərin fəlsəfə doktoru, 2 nəfərin isə elmlər doktoru proqramı üzrə sənədləri qəbul olunub. Ən çox sənəd fəlsəfə doktoru proqramı üzrə 1 yerə 4 nəfər olmaqla üzvi kimya ixtisasına verilib.
Xatırladaq ki, instituta ümumilikdə fəlsəfə doktoru hazırlığı proqramı üzrə 4 yer (2 yer doktoranturaya, 2 yer dissertanturaya), elmlər doktoru hazırlığı proqramı üzrə 3 yer ayrılıb.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər ilk dəfə olaraq bu il xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. İmtahandan uğurla keçənlər müsabiqəyə buraxılacaqlar.
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı yanvarın 26-da keçiriləcək.

Elm və təhsil 2020-01-24 14:44:00