×
A
A
A
Sazlamalar

MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub VİDEO

Şəki, 24 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində yanvarın 24-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub.
Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki-Zaqatala bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirə MSK-nın üzvü İlham Məmmədov, Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr müvafiq məhkəmə hakimləri və dairə seçki komissiyaları sədrlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.
Sonra MSK-nın üzvü Bəxşeyiş Əsgərov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları” mövzusunda təqdimatla çıxış edib. Seçkilərə hazırlıqla bağlı görülən işləri diqqətə çatdıran MSK üzvü bildirib ki, indiyədək 1447 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bu günədək 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Qeydiyyatdan keçən 42 min 257 nəfər yerli müşahidəçidən 1302 nəfəri bütün ölkə üzrə müşahidə aparacaq. Yerli müşahidəçilərin 25 min 40 nəfəri siyasi partiyaların nümayəndələridir.
Seminar-müşavirədə, həmçinin Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlovun “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatları dinlənilib.
Təqdimatlardan sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.
Seminar-müşavirədə ATƏT-in Albaniyadan olan beynəlxalq müşahidəçisi də iştirak edib.

Regionlar 2020-01-24 14:31:00

Video