×
A
A
A
Sazlamalar

Ankarada görkəmli ədib Səməd Behrənginin yubileyi qeyd olunub

Ankara, 24 yanvar, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin anadan olmasının 80 illiyi münasibətilə toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda türk dünyasının ədəbiyyatsevərləri, şair və yazıçılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmalar İnstitutunun rəhbəri Rza Heyət və başqaları böyük ədəbiyyatçının həyat və fəaliyyətindən, nadir üslubda yazılan əsərlərinin dəyərindən danışıblar. Diqqətə çatdırılıb ki, yubilyar rəvan yazı dili, orijinal bədii üslubu və yüksək şəxsi keyfiyyətləri ilə şöhrət qazanıb.
Səməd Behrənginin həyat prinsiplərindən bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, zəmanəsinin cəsur və qorxmaz şəxsiyyəti kimi tarixə düşən yazıçı heç bir halda yolundan dönməyib, amal və məsləkinə sadiq qalaraq düşüncələrini obrazlı şəkildə xalqına çatdırmağa nail olub. Həyatının sonuna qədər kənd müəllimi kimi işləyən S.Behrəngi qısa zaman kəsiyində böyük yazıçı, publisist, tərcüməçi kimi tanınıb və şöhrət qazanıb, əsərləri sevilə-sevilə oxunub.
Tədbir bədii proqramla davam edib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Mədəniyyət 2020-01-24 14:01:00