×
A
A
A
Sazlamalar

Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi təqdim olunub

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) üzrə konseptual çərçivə sənədi layihəsi təqdim olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının və ölkəmizdə DÖST layihələrinin reallaşdırılmasında iştirak edəcək maraqlı tərəflərin, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri İvana Duartenin iştirakı ilə təşkil olunmuş tədbirdə beynəlxalq ekspertlər konseptual çərçivə sənədi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, bu sənəd EBRD-nin dəstəyi ilə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq ekspertlər tərəfindən hazırlanıb. Sənəddə DÖST layihələrinin hazırlanması, əsas prinsipləri, bu sahədə hüquqi və institusional çərçivə, layihələrin icra mexanizmi və qiymətləndirmə meyarları əks olunub.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov DÖST modelinin iqtisadiyyatın fərqli sahələrində tətbiqinin Strateji Yol xəritələrində də əksini tapdığını, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə agentliyin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığını deyib, belə layihələrin kiçik və orta biznesin inkişafı üçün də yeni bazarlar və imkanlar yaratdığını diqqətə çatdırıb.
Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. KOBİA tərəfindən bu sahənin inkişafı və layihələrin effektiv reallaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi və institusional çərçivənin dəstəklənməsi üzrə tədbirlər həyata keçirilir.

 

İqtisadiyyat 2020-01-24 13:22:00