×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin əməkdaşları xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşüblər

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli çıxış edərək infrastrukturun müasir tələblər səviyyəsində qurulmasının, iş prosesinin tamamilə avtomatlaşdırılmasının gömrük rəsmiləşdirmələrinin və malların buraxılışının sürətləndirilməsinə imkan yaratdığını bildirib. Qeyd olunub ki, qarşıda duran əsas məqsəd gömrük orqanları tərəfindən xidmətin keyfiyyətini artırmaqdır. Komitə sədri xarici ticarətin asanlaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər barədə də məlumat verib.
Komitənin Gömrük əməliyyatlarının və risklərin idarə edilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov muxtar respublikada biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində görülən işlərdən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, qısa idxal bəyannaməsinin tətbiqi ilə ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsinə, risk dərəcələrinin müəyyən olunmasına, gömrük nəzarətinin daha çevik formada həyata keçirilməsinə şərait yaranıb.
Dövlət Gömrük Komitəsinin bölmə rəisi, gömrük xidməti mayoru Emin Eylazov qeyd edib ki, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük ödənişlərinin elektronlaşdırılması, gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma, idxal-ixrac əməliyyatları, malların nomenklaturası və tarif dərəcələri ilə bağlı məlumatların elektron qaydada əldə edilməsi gömrük işinin kağızsız texnologiya əsasında tətbiqinə imkan verir. Bunun üçün də biznes subyektləri gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə mütəxəssisləri cəlb etməli, gömrük təmsilçiliyi xidmətindən geniş istifadə olunmalıdır.
Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni internet saytının və (036) 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi əvəzi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, www.dgk.nmr.az saytı müasir dizaynı, funksionallığı, məlumat bazasının zənginliyi ilə seçilir. Xarici iqtisadi fəaliyyət iştirakçıları, səyahətçilər və digər maraqlı şəxslər sayta daxil olmaqla gömrük işinə dair ən son yeniliklər, qanunvericilik aktları, gömrük orqanlarının fəaliyyəti barədə dolğun məlumatlar əldə edə və elektron xidmətlərdən faydalana bilərlər. Sayt vasitəsilə gömrük orqanlarına elektron qaydada müraciət etmək imkanı var. Saytın “Naxçıvan Muxtar Respublikası” bölməsində qədim diyarımızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı əks etdirilir.
Vətəndaşlar muxtar respublika gömrük orqanlarının qeyd edilən informasiya-sorğu xidmətinə zəng etməklə gömrük əməliyyatları, həmçinin gömrük ekspertizası barədə məlumat əldə edə, gömrük təmsilçisi ilə əlaqə yarada, gömrük sahəsində hüquqpozma faktları ilə bağlı məlumat verə bilərlər. Digər məsələlərlə bağlı operatorla əlaqə yaratmaq da mümkündür. Gömrük sərhədini keçən vətəndaşlar info-köşklərdə quraşdırılmış telefonlar vasitəsilə (036) 234 nömrəsinə birbaşa zəng edə biləcəklər.
Təqdimatlardan sonra diskussiya təşkil olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Dünya iqtisadiyyatı ixtisası tələbələrindən ibarət startap komandasının üzvləri də iştirak ediblər.
Sonda tədbir iştirakçılarına məlumatlandırıcı vərəqələr paylanılıb.

Regionlar 2020-01-24 13:06:00