×
A
A
A
Sazlamalar

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbdə müxtəlif ölkələrin dil və mədəniyyətlərinin tədris olunduğunu deyib. O, xüsusi tədris olunmayan rus dilinin özünün tədris dili olduğunu bildirib. Dövlətin dil siyasətində rus dilinin xarici dil kimi tədrisinin mühüm komponent olduğunu deyən akademik bu dilin tədrisi üçün universitetdə geniş imkanlar olduğunu söyləyib. Rektor, həmçinin ADU-da fəaliyyət göstərən “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyası barədə qonaqlara məlumat verib. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən danışıb.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, eyni zamanda, qarşılıqlı əməkdaşlığın onların kitabxanasında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin işinə müsbət təsir göstərəcəyini qeyd edib. Rusiyalı qonaq Kamal Abdullanı kitabxanada multikulturalizmlə bağlı mühazirə oxumağa dəvət edib.
Görüşdə əməkdaşlıq perspektivləri, birgə layihələr və mübadilə proqramları haqqında müzakirələr aparılıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasına hədiyyə edilib.
Görüşdən sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının iş fəaliyyəti ilə tanış olub.

Elm və təhsil 2020-01-24 13:02:00