×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində qış semestrinin imtahan sessiyasında yeniliklər tətbiq edilib

Naxçıvan, 24 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası yeniliklərlə keçirilir. Semestr ərzində 22 min 437 tələbənin iştirakı ilə 1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada nəzərdə tutulub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 6 elektron və 6 yazılı olmaqla, kamera ilə təchiz edilmiş 12 otaqda aparılır. Yazılı imtahana 3-4, elektron imtahana isə 2 nəfər olmaqla, universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri nəzarət edir. İmtahanlara ümumi nəzarət etmək üçün isə 6 nəfərdən ibarət imtahan qərargahı yaradılıb.
İmtahanların obyektivlik və şəffaflığı tam təmin olunub. İmtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Builki imtahanların ötən il keçirilən imtahanlardan daha bir fərqi ondan ibarətdir ki, tələbələr imtahanların yazılı və test olması ilə əlaqədar məlumatlarla əvvəlcədən tanış olur və imtahanlara daha rahat və asan hazırlaşmaq imkanı əldə edirlər. Tələbələr universitetin “Facebook” səhifəsində yerləşdirilən linkdən istifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər, universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilərlər. Həmçinin səhifədə yaradılan “Rektora müraciət” bölməsinə daxil olan hər bir tələbə imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaya bilərlər.

Regionlar 2020-01-24 12:44:00