×
A
A
A
Sazlamalar

"Fars dili dərsləri" filmi Berlin kinofestivalının proqramına daxil edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Rejissor Vadim Perelmanın "Fars dili dərsləri" filmi 70-ci Berlin kinofestivalının Berlinale Special proqramına daxil edilib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, filmin dünya premyerası fevralın 22-də festivalın mərkəzi meydançasında olacaq. Məlumatda bildirilib ki, ekran əsəri dünya tarixinin ən qaranlıq səhifələrindən biri sayılan Holokostdan bəhs edir. Əsas qəhrəman ölümdən qaçmaq üçün düşərgədə özünü fars kimi qələmə verir və sağ qalmağın yeganə yolunu fars dilini öyrənməkdə görür.
Filmin quruluşçu rejissoru İlya Stüart, rejissoru Vadim Perelmandır. Aparıcı rollarda Nahuel Perez Biskayart və Lars Eidinger çəkilib. "Filmimiz dünyanın ən nüfuzlu film festivalının siyahısına düşdüyünə görə çox sevinirik. Biz Rusiya kino sənayesini təmsil edəcəyimizdən qürur duyuruq", - deyə İ.Stüart bildirib.
"Fars dili dərsləri" filmi Rusiya, Almaniya və Belarusun ortaq istehsalıdır. Filmin məsləhətçilərindən biri məşhur alman tarixçisi və yazıçısı Yörq Mülnnerdir. Onun məşhur tədqiqatları arasında cəbhənin hər iki tərəfində vuruşanlara dair sənədlərin toplandığı "Stalinqrad. Həqiqi tarix" əsəri var.
Çəkilişlərin bir hissəsi İkinci Dünya müharibəsi illərində Bobruysk qalasının ərazisində aparılıb. Orada sovet hərbi əsirləri üçün iki tranzit cəza düşərgəsi yerləşirdi.
Xatırladaq ki, Berlin kinofestivalı fevralın 20-dən martın 1-dək keçiriləcək.

Mədəniyyət 2020-01-24 11:31:00