×
A
A
A
Sazlamalar

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziuma tezis qəbulu davam edir

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin təşkilatçılığı ilə aprelin 16-17-də Bakıda keçiriləcək “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziuma tezislər qəbul olunur.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, simpoziumda iştirak üçün tezislərin fevralın 16-dək göndərilməsi vacibdir. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində [email protected] elektron ünvana göndərilməlidir.
Təqdim olunan tezislər İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onu gücləndirən və qarşısında duran amillər, ona töhfə verən nümunəvi şəxsiyyətlər, İslam tarixində birgəyaşayışa dair nümunələr, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri və digər bu kimi mövzuları əhatə etməlidir.
Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətlərindəki təcrübədən istifadə etməklə bu sahədə mütəxəssis və elmi tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaqdır. Həmçinin ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcək rolunu müəyyənləşdirmək və təşviq etmək, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək, Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etməkdir.

Elm və təhsil 2020-01-24 10:12:00