×
A
A
A
Sazlamalar

Beynəlxalq Təhsil Günü: İnsanlar, planet, tərəqqi və sülh naminə öyrənmək

Bakı, 24 yanvar, AZƏRTAC 

BMT-nin qərarına əsasən yanvarın 24-ü dünyada Beynəlxalq Təhsil Günüdür. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır.
AZƏRTAC xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü “İnsanlar, planet, tərəqqi və sülh naminə öyrənmək” şüarı altında qeyd olunur. Bu ilin mövzusu göstərir ki, təhsil vasitəsilə insanların hüquq və imkanlarını genişləndirmək, planeti qorumaq, tərəqqiyə nail olmaq və sülhü möhkəmləndirmək mümkündür.
Beynəlxalq Təhsil Günü ilə əlaqədar UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, bu gün bizə dünyada milyonlarla insanın hələ də məhrum olduğu təhsilin bəşəriyyətin əvəzsiz resursu olduğunu xatırlatmağa imkan verir. UNESKO-nun Statistika İnstitutu tərəfindən təsdiqlənən təhsil sahəsində qlobal böhran ciddi narahatlıq doğurur. Təhsilin davamlı inkişaf sahəsində bütün məqsədlərə çatmağın açarı olduğunu nəzərə alsaq bu da başa düşüləndir. Təhsil sahəsində böhran planet, dünya və insanların tərəqqisi üçün ciddi çətinliklər deməkdir.
Müraciətdə vurğulanır ki, UNESKO “Keyfiyyətli təhsilin hər kəsə əlçatanlığını təmin etmək”də məsuliyyət daşıyır. Hər şeydən öncə UNESKO təhsili inklüzivliyi təşviq edən bir vasitə kimi istifadə etməklə hər bir şəxsin öz hüquq və imkanlarını tam şəkildə həyata keçirməsi üçün insanların maraqlarına uyğun fəaliyyət göstərir.
UNESKO tarixində mühüm mərhələ olan və bu günə qədər davam edən savadlılığın yayılması kampaniyaları milyonlarla kişi və qadın üçün geniş imkanlar açıb. Hər kəs üçün bu cür fürsətlərin yaranması məqsədilə UNESKO bu gün akademik fəaliyyəti təşviq etməyə səy göstərir. Bu mənada Baş Konfransın 40-cı sessiyasında ali təhsillə bağlı sertifikatların tanınması haqqında ilk Qlobal Konvensiyanın qəbul edilməsi əlamətdar hadisə oldu.
Odre Azulenin müraciətində bildirilir ki, təhsil üçün fəaliyyət tərəqqi üçün hərəkət etmək deməkdir. Axı təhsil gələcəyin ən yaxşı sərmayəsidir. Yaxın və uzaq gələcəkdə təhsil yoxsulluq və bərabərsizliyi azaltmaq və sosial inteqrasiyanı təşviq etmək üçün ən təsirli yoldur. Məhz buna görə UNESKO “Onun təhsili bizim gələcəyimizdir” təşəbbüsü çərçivəsində qız və qadınların təhsilini dəstəkləyir.
Təhsil təsirləri hər gün daha aydın görünən iqlim dəyişikliyi təhlükəsi ilə üzləşən planetimizin həyatı üçün böyük əhəmiyyət kəsb edən suallara cavab tapmağa imkan verir. Axı yalnız təhsil və maarif qlobal istiləşmə probleminin həllinin asılı olduğu davranış vərdişlərimizi dəyişə bilər. Buna görə UNESKO bütün üzv dövlətləri ekoloji təhsil və tərbiyəni məktəbəqədər təhsildən ali təhsilə qədər öz tədris planlarına daxil etməyə çağırır. Təhsil sülhü qorumağın ən vacib vasitəsidir. Çünki təhsil mədəniyyətlərarası anlaşma, barışıq və insanların birliyinə doğru şüurlu bir hərəkət alətidir. Bu, UNESKO tərəfindən qlobal vətəndaşlıq ruhunda təbliğ olunan təhsilin mahiyyətidir.
Səylərimizin birləşdirilməsi və gücləndirilməsi məsələsinin hər zamankından daha aktual olduğu bir dövrdə, UNESKO bu fürsətdən istifadə edərək, təhsil maraqları üçün hərəkətə keçir. Hamımız - yüksəksəviyyəli siyasi liderlər və sıravi vətəndaşlar, dövlət orqanları və ictimai təşkilatlar, müəllimlər və valideynlər - hər kəs öz yerində, hər kəs üçün təhsil hüququnun əlçatan olması naminə əlindən gələni etməlidir. Bu, bizim gələcək nəsillər qarşısında məsuliyyətimizdir.

Elm və təhsil 2020-01-24 09:43:00