×
A
A
A
Sazlamalar

Meksika qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub

Vaşinqton, 23 yanvar, AZƏRTAC 

Meksikanın “The Pulse News” qəzetində səfir Məmməd Talıbovun “Azadlığın yüksək qiyməti” adlı məqaləsi dərc olunub.
Məqalədə “20 Yanvar” faciəsi barədə ətraflı məlumat verilir, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin əmri ilə dinc Azərbaycan əhalisinə qarşı “Zərbə” adlı xüsusi əməliyyatın keçirildiyi, yerli polisin silahlarının öncədən alındığı, Azərbaycan Televiziyasının enerji blokunun sıradan çıxarıldığını və beləliklə, ölkənin informasiya blokadasına salındığı qeyd edilir. Qanlı Yanvar hadisələri zamanı imperiya rejimi tərəfindən günahsız insanların qətliamının Azərbaycan xalqının müstəqillik hərəkatının boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addım olduğu bildirilir. Bütün dünya ictimaiyyətini qəddarlığı ilə sarsıtmış 20 Yanvar hadisələrinin insanlığa qarşı cinayət olduğu, SSRİ ordusunun tank və digər zirehli texnika istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə həmvətənlimizin qətlə yetirildiyi və yaralandığını diqqətə çatdırılır. Bu dəhşətli hadisələrdən sonra Azərbaycanda hər kəs quldur və qəddar sovet rejimindən tam müstəqilliyin zamanının gəldiyini anladığı və 1990-cı il yanvar hadisələrinin çoxları tərəfindən kommunist rejiminin sonunun başlanğıcı adlandırıldığı bildirilir.
Faciəvi hadisələrdən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada cəsarətlə çıxış edərək sovet rəhbərliyini kəskin tənqid edərək və baş vermiş hadisələri Azərbaycan xalqına qarşı cinayət adlandıraraq buna lazımi qiymət verilməsini və həmin cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyi bildirilir. Qara Yanvar hadisələrinin Azərbaycanın müstəqillik yolunda mühüm dönüş nöqtəsi olduğu bildirilərək, Azərbaycan xalqının azadlıq yolunda həmrəylik və iradəsini daha da artırdığı vurğulanır. Bu gün müstəqil və gündən-günə daha da çiçəklənib qüdrətlənən Azərbaycanın 20 Yanvar faciəsi qəhrəmanlarının xatirəsinə ən böyük sayğı olduğu bildirilir.
Meksikanın dövlət qurumları və ölkədəki diplomatik korpus arasında böyük auditoriyaya malik “Protocolo” internet resursunda da “Azərbaycan, Qara Yanvardan 30 il keçir” adlı məqalədə xalqımıza qarşı törədilmiş bu dəhşətli hadisələrdən bəhs olunur.

AZƏRTAC-ın Vaşinqton bürosu

20 yanvar 2020-01-23 17:42:00