×
A
A
A
Sazlamalar

Milli Məclisdə AŞPA-nın parlament seçkilərini müşahidə missiyasının nümayəndələri ilə görüş keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açılıb. Fevralın 9-na təyin olunan parlament seçkiləri ölkəmizdə həyata keçirilən islahatların davamı kimi qiymətləndirilib. Vurğulanıb ki, belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik keçməsinin göstəricilərindən biridir.
Bildirilib ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya istiqamətində inamla irəliləyir, qurumun təsisatları ilə hərtərəfli əməkdaşlıq həyata keçirilir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvləri - Alfred Heer (İsveçrə), Ravio Tam (Estoniya), Georgios Kartuqkalos (Yunanıstan) Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğulayıblar.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Siyasət 2020-01-23 17:22:00