×
A
A
A
Sazlamalar

Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb

Bakı, 23 yanvar, AZƏRTAC 

Müasir inkişaf mərhələsində kadr siyasətinin əsas məqsədi dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasıdır. Məlumdur ki, kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün zəruridir. Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını alıb. Prezident İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət yetirməsi demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Nurəddin İbrahimov bildirib.
Politoloq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ulu Öndər deyirdi ki, dövlət idarəçiliyinə səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların cəlb edilməsi vacibdir.
Hazırda ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bununla bağlı bir sıra qanunlar qəbul edilib, konsepsiyalar hazırlanıb, gənclər sektorunda böyük uğurlara imza atılıb. 2019-cu il həm də dövlət başçısının apardığı kadr və struktur islahatları ilə yadda qaldı. Perspektivli və təcrübəli gənclərin dövlət idarəçiliyində mühüm postlara təyin olunmasının kifayət qədər nümunələrini görmək mümkündür. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycanda insan inkişafının daha da yüksəlməsinə, əhalinin sosial-iqtisadi problemlərinin həllinə yönəlib.
Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyəti yüksək olan, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr bazasını genişləndirmək bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Belə ki, gənclərin dövlət idarəçiliyinə cəlb olunması, onların potensialının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılması, könüllülük hərəkatının genişləndirilməsi mühüm tələbə çevrilib. Gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bu günü, həmçinin gələcəyi də çox asılıdır. Eyni zamanda, gənc kadrların üzərinə çox böyük məsuliyyət düşür.
Politoloq qeyd edib ki, indi idarəetmədə kadrların nəzəri və praktiki hazırlığı məsələlərinə tələb də artır. İndi hazırlanan kadrlar gərək ekstremal vəziyyətlərdə düzgün, məntiqli qərar qəbul etmək, konkret şəraitə uyğun vəzifələrin öhdəsindən gəlmək, mühakimə bacarığına malik olmaq kimi keyfiyyətlərə yiyələnməlidirlər. Gənclər dövlət idarəçiliyində bu kimi keyfiyyətlərini ortaya qoymağı bacarmalıdırlar. Odur ki, bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi-nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Bunun üçün tədris prosesinin təşkili, onun forma və metodları da inkişaf etdirilməli, təkmilləşdirilməlidir.
Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, mühüm dövlət postlarına rəhbər vəzifəyə gətirilməsinin kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunduğunu deyən politoloq bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm şəkildə hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verildiyini diqqətə çatdırıb. O xatırladıb ki, 2019-cu il iyulun 26-da Prezidentin Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Müsabiqədə məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının inkişaf etdirilməsidir.
Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması üçün prosedur mövcuddur. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində gənc kadrların müəyyənləşməsi, yüksəlməsinin təbii proses olaraq aparılması üçün də Prezident öz tövsiyələrini verib. Dövlət başçısının yeni təyin etdiyi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul etməsi, onlara zəruri tapşırıqlar verməsi, o cümlədən əhali ilə sağlam münasibətlərin qurulması istiqamətində verdiyi tövsiyələrdə bu prosesə aydın izah verilir. Prezidentin “biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər” sözləri dövlət idarəçilik sahəsində işləyən bütün rəhbərlərə aid olmalıdır. Bu məsələyə konseptual formada yanaşmaq tələb olunur, dövlətin kadr siyasəti elmi əsaslar üzərində qurulmalı, yeni kadr siyasətinin elmi platforması işlənilməlidir.

Daxili siyasət 2020-01-23 16:33:00