×
A
A
A
Sazlamalar

Türkiyənin Qızıl Aypara Cəmiyyəti İdlibdə “Təcili qonaq evləri” inşa edəcək

İstanbul, 22 yanvar, AZƏRTAC

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Suriyanın İdlib şəhərində “Təcili qonaq evləri” inşa edəcək. İlkin mərhələdə min evin inşası planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, cəmiyyətdən təhlükəsiz ərazilərdə tikilməsi nəzərdə tutulan evlərin ümumi sahəsinin 30 kvadratmetr olacağı bildirilib. İki otaqdan ibarət tikilinin içində mətbəx və hamam otağı yerləşəcək.
Cəmiyyətin rəhbəri Kerem Kınıkın sözlərinə görə, 2019-cu ilin may ayından bu günədək bir milyona yaxın suriyalı Türkiyə-Suriya sərhədinə gəlib. Hazırda bu insanların təxminən 50 mini məscid və məktəblərə sığınıb. İlkin mərhələdə köçkünlərə 2 min 500 ədəd çadır paylanıb ki, bu çadırlarda hazırda 15 minə yaxın insan yaşayır.
K.Kınık bu məsələ ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxından maraqlandığını və tikiləcək evlərin ölkə başçısının təlimatına əsasən hazırlanacağını bildirib. Qeyd edilib ki, ilk evlər 2-3 həftə ərzində hazır olacaq.
Bundan əlavə, cəmiyyət tərəfindən Suriya ərazisində infrastruktur yeniləmələri, su quyularının qazılması, məktəb və sağlamlıq mərkəzlərinin bərpa və yenidənqurma işləri də aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-01-22 22:40:00