×
A
A
A
Sazlamalar

Türkiyə KİV-ləri 20 Yanvar faciəsi barədə məqalələr yaymaqda davam edir

Bakı, 22 yanvar, AZƏRTAC

Türkiyənin Manisa şəhərində fəaliyyət göstərən KİV-lər də 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayıb.
Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə müasir Azərbaycan tarixinin faciəvi, eyni zamanda, şərəfli qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri barədə məlumat verilir. Bildirilir ki, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində Bakı şəhəri Sovet İttifaqını bürümüş etiraz dalğalarının mühüm mərkəzlərindən birinə çevrilib. Əhalinin azadlıq uğrunda hərəkatını boğmaq, Azərbaycanda qeyri-kommunist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Kommunist Partiyasının baş katibi M.Qorbaçovun göstərişinə uyğun olaraq sovet qoşunları bütün istiqamətlərdən Bakı şəhərinə hücum edib. Qadınlar, uşaqlar, yaşlılar arasında heç bir fərq qoymadan əhaliyə atəş açılıb, nəticədə 147 nəfər ölüb, 800-dən çox insan yaralanıb.
Yazılarda Heydər Əliyevin həmin gün Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərdən sitatlar verilib. Faciəvi hadisənin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanır və məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyi, dönməz xarakter aldığı və xalqın öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördüyü diqqətə çatdırılır.

20 yanvar 2020-01-22 18:31:00