Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Meksika Deputatlar Palatasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 22 yanvar, AZƏRTAC 

Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Aqustin Qarsiya Rubio Meksika parlamentində 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib və müvafiq bəyanat yayıb.
Bəyanatda 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayət və misli görünməmiş vəhşilik adlandırılır. O zaman kommunist partiyasının baş katibi olan Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun zirehli texnika və tanklarla silahlanmış böyük kontingentinin Azərbaycana yürüdülərək paytaxt Bakı şəhərinə daxil olduğu deyilir, bu qərar sovet rejiminin süqutunun qarşısının alınması və Azərbaycan xalqının müstəqillik hərəkatının məhvi məqsədini daşıyan son uğursuz addım adlandırılır.
Bu dəhşətli hadisələrin nəticəsində 150 günahsız insanın soyuqqanlıqla qətlə yetirildiyi və 700 nəfərin ağır yaralandığı, bir çoxlarının itkin düşdüyü bildirilir. Dünya ictimaiyyətinin bu vəhşiliklər barədə məlumat almasına imkan verməmək məqsədilə sovet ordusu tərəfindən Azərbaycan Televiziyasının enerji blokunun sıradan çıxardıldığı deyilir. Qara Yanvar adlandırılan Azərbaycan tarixinin bu səhifəsi qurbanlarının anılması üçün yüzminlərlə azərbaycanlının hər il Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdiyi, bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən 20 Yanvar qurbanlarının xatirələrinin yad edildiyi deyilir. Matəm kimi qeyd edilən bu günün, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda vacib tarixlərdən hesab edildiyi vurğulanır və bunun nəticəsi kimi 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu qeyd olunur.
20 Yanvar faciəsi barədə “Human Rights Watch” insan hüquqları təşkilatının yazdıqlarından sitat gətirilərək silahsız insanlara qarşı sovet ordusunun tətbiq etdiyi gücün o qədər qeyri-proporsional olduğu deyilir ki, buna kollektiv cəza adı verildiyi bildirilir.
Bəyanatda Azərbaycan xalqının müstəqilliyini böyük qurbanlar bahasına əldə etdiyi deyilir və Qara Yanvar hadisələrinin bu tarixin çətin səhifələrindən biri olduğu qeyd olunur. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bütün dünya ictimaiyyəti tərəfindən anılmasının bu kimi dəhşətli hadisələrin bir daha heç yerdə təkrarlanmayacağına töhfə ola biləcəyi vurğulanır.

AZƏRTAC-ın Vaşinqton bürosu

20 yanvar 2020-01-22 17:56:00