×
A
A
A
Sazlamalar

“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib VİDEO

Davos, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verdi.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.
Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Rəsmi xronika 2020-01-22 17:10:00

Video