Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Moldovada 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbiri keçirilib

Kişineu, 22 yanvar, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin (MAK) tərəfindən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Millətlərarası Agentliyinin binasında keçirilən tədbirdə səfir Qüdsi Osmanov çıxış edərək 20 Yanvar faciəsinin dağılmaqda olan SSRİ rejiminin rəhbərliyi tərəfindən Azərbaycan xalqının milli azadlıq arzusunu məhv etmək məqsədilə törədildiyini, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan rəhbər şəxslərin səriştəsizliyindən belə bir hadisənin baş verdiyini, günahsız insanların öldürüldüyünü bildirib. Səfir o zaman Moskvada olan ümummilli lider Heydər Əliyevin heç nədən çəkinmədən Azərbaycanın daimi nümayəndəliyinə gedərək faciə ilə bağlı öz haqq səsini dünyaya çatdırdığını, hadisənin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu qəti şəkildə bildirdiyini və hadisəyə siyasi qiymət verən ilk şəxs olduğunu qeyd edib.
Səfir, eyni zamanda, bu gün Azərbaycan xalqının öz müqəddəratını təyin etdiyini, Azərbaycanın güclü dövlətə çevrildiyini, Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik və uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, Azərbaycanın dünya arenasında öz sözünü dediyini diqqətə çatdırıb.
Daha sonra Millətlərarası Agentliyin baş direktoru Nikolay Rodite çıxışında 20 Yanvarın Azərbaycanın tarixində faciəvi səhifələrdən biri olduğunu, Azərbaycan xalqının ağrı-acısına şərik olduğunu, baş vermiş hadisənin SSRİ rejiminin mənfur siyasətinin acınacaqlı nəticəsinin təzahürü kimi meydana çıxdığını qeyd edib.
Daha sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Heybət Məcidov çıxış edərək qanlı faciəni pisləyib, xalqımızın tarixində ağrılı günlərdən biri olduğunu bildirib və dövlətimizin daim haqsızlıqlara uğradığını, lakin hazırda güclü bir dövlət olduğunu, yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımızın Vətəni olan Azərbaycanın daim çiçəklənəcəyinə və gözəl gələcəyi olacağına əminliyini bildirib.
Tədbirdə, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqori çıxış edərək bu faciənin Azərbaycanın XX əsr tarixində ən dəhşətli səhifələrdən biri olduğunu, Azərbaycan xalqının qan yaddaşında daim yaşayacağını qeyd edib və bu gün xalqın öz müqəddəratını həll etdiyini, onu qoruyan güclü Azərbaycan dövlətinin olduğunu bildirib. Eyni zamanda, bu məsələyə hüquqi qiymətin verilməsini və SSRİ ordusunun Azərbaycana yeridilməsi göstərişini vermiş Qorbaçovun Nobel Sülh Mükafatını almasının tam qanunsuz və beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib və bu barədə Azərbaycan tərəfindən beynəlxalq aləmin məlumatlandırılmasını, verilmiş mükafatın geri alınması istiqamətində lazımi işlərin görülməsinin vacibliyini vurğulayıb.
Daha sonra Kişineu meriyasının nümayəndəsi İraida Konakoru çıxış edərək 20 Yanvar faciəsi ilə əlaqədar fikirlərini bildirib, faciənin xalqın qan yaddaşında dərin izlər buraxdığını söyləyib.
Sonda 20 Yanvar hadisələri ilə əlaqədar çəkilmiş sənədli film nümayiş olunub və səfirlik tərəfindən ehsan verilib.
Qeyd edək ki, tədbir yerli KİV tərəfindən geniş işıqlandırılıb.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu 

20 yanvar 2020-01-22 16:35:00