×
A
A
A
Sazlamalar

Politoloq: Beynəlxalq ictimaiyyət fevralın 9-da Azərbaycanda növbəti ədalətli seçkinin şahidi olacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanda seçkiöncəsi mühit fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin ədalətli və şəffaf olacağını proqnozlaşdırmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikri secki-2020.az saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Seçkilərdə çoxsaylı namizədin iştirakına diqqət çəkən politoloq bildirib ki, bu, seçki mühitinin şəffaf olmasından xəbər verir. O deyib: “Elə dairələr var ki, 40-dan çox şəxs namizədliyini irəli sürüb, onlardan yarısının namizədliyi qeydə alınıb. Bu, ölkədə insanların ədalətli seçkiyə inamından irəli gəlir”.
Q.Hüseynli qeyd edib ki, imzaların toplanması, namizədlərin qeydiyyata alınması və digər məsələlərdə heç bir neqativ hal baş verməyib: “Bu göstərir ki, təbliğat-təşviqat kampaniyası da ədalətli və bərabərhüquqlu şəkildə həyata keçiriləcək. Seçkiöncəsi mühitin şəffaflığı seçki günündə seçicilərin fəallığının da yüksək səviyyədə olacağını deməyə əsas verir. Hesab edirəm ki, fevralın 9-da beynəlxalq ictimaiyyət Azərbaycanda növbəti ədalətli seçkinin şahidi olacaq”.
Politoloq Azərbaycanın seçki qanunvericiliyi və seçki təcrübəsinin tam demokratik seçki keçirməyə imkan verdiyini vurğulayıb.

Daxili siyasət 2020-01-22 14:04:00