Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pakistanın “National Herald Tribune” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub

İslamabad, 22 yanvar, АZƏRTAC

Pakistanda nəşr edilən “National Herald Tribune” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş “İnsanlıq və dəhşətli cinayət arasında həyatda qalma mübarizəsi” adlı məqalə dərc olunub. Məqalədə 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsi haqqında məlumat verilir.
Müəllif sovet qoşununun Bakı şəhərinə hücum etdiyini, amansız şəkildə atəş açaraq azyaşlı uşaqları, qadınları və ahılları, yüzlərlə müsəlman, yəhudi və xristianı qətlə yetirdiyini və minlərlə insanın yaralandığını bildirib. O, təcili tibbi yardım maşınlarının və səhiyyə ocaqlarının hədəf alındığını, bunun insanlığa qarşı cinayət olduğunu vurğulayıb.
Məqalədə o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycanın həmin şəhərdəki daimi nümayəndəliyinə gedərək törədilən cinayəti pislədiyi və məsuliyyəti bilavasitə Mixail Qorbaçovun üzərinə qoyduğu göstərilib.
Müəllif Qara Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədiyini, əksinə, müstəqilliyə inamını daha da artırdığını qeyd edib.
Məqalədə Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdiyi və bu ölkədə hər il 20 Yanvarın şəhidlərin anım günü kimi qeyd olunduğu barədə məlumat verilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

20 yanvar 2020-01-22 13:54:00