Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Latın Amerikası ölkələrinin KİV-ləri 20 Yanvar faciəsindən yazır

Bakı, 22 yanvar, AZƏRTAC

Çili (www.epicentrochile.com ), Paraqvay (www.paraguayinforma.com ), Uruqvay (www.republica.com.uy ) və Argentinanın (www.infobae.com , www.elportaldesalta.com, www.equilibriumglobal.com) müxtəlif mətbu orqanlarının elektron və çap versiyalarında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş məqalələr dərc edilib.

Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə müasir Azərbaycan tarixinin faciəvi, eyni zamanda, şərəfli qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri barədə məlumat verilir. Bildirilir ki, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində Bakı şəhəri Sovet İttifaqını bürümüş etiraz dalğalarının mühüm mərkəzlərindən birinə çevrilib. Əhalinin azadlıq uğrunda hərəkatını boğmaq, Azərbaycanda qeyri-kommunist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Kommunist Partiyasının baş katibi M.Qorbaçovun göstərişinə uyğun olaraq sovet qoşunlarının 35 minlik kontingenti bütün istiqamətlərdən Bakı şəhərinə hücum edib. Sovet qoşunları qadınlar, uşaqlar, yaşlılar arasında heç bir fərq qoymadan əhaliyə atəş açıb, nəticədə 147 nəfər ölüb, 800-dən çox insan yaralanıb.
Məqalələrdə, həmçinin faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdiyi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdiyi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdiyi qeyd olunur. Yazılarda Heydər Əliyevin həmin gün keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərdən sitatlar verilib: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.
Məqalələrdə bu faciəvi hadisənin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanır və məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyi, dönməz xarakter aldığı və xalqın öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördüyü diqqətə çatdırılır.

20 yanvar 2020-01-22 11:26:00