×
A
A
A
Sazlamalar

Rostropoviçlərin ev-muzeyində növbəti tədbir 20 Yanvar faciəsinə həsr olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Abdulla Şaiqin mənzil-muzeyi və Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş “Qan yaddaşı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində reallaşan tədbirdə dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, jurnalist-yazıçı Zərəngiz Qafarlı və başqaları 20 Yanvar hadisələri haqqında danışıblar. Qeyd edilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində 130-dan çox günahsız insan qətlə yetirildi. Ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub.
Tədbirin bədii hissəsində Xətai rayonu 58 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər söylənilib, faciə ilə bağlı səhnəcik göstərilib. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda əsərlər səsləndiriblər.

20 yanvar 2020-01-22 11:25:00