×
A
A
A
Sazlamalar

Ukraynanın Dnepr və Odessa şəhərlərində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Kiyev, 22 yanvar, AZƏRTAC

Ukraynanın Dnepr və Odessa şəhərlərində 20 Yanvar faciəsinin 30 illik yubileyi ilə bağlı anım tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın diaspor təşkilatlarının birgə keçirdiyi anım tədbirlərində 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğının mahiyyəti və səbəbi haqqında geniş məlumat verilib.
Dneprdə keçirilən tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Müsəlman İcmasının rəhbəri Ramazan Qurbanov, tarixçi-alim, diaspor fəalı Eldar Tağıyev, Dnepr şəhər sovetinin deputatı Nikolay Slobodyanyuk və digər çıxış edənlər bildiriblər ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin vaxt üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti beynəlxalq aləmə çatdırıb.
Sonra tədbir Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənni Natalya Kudryaşova və məktəblilərin mahnı, şer kompozisiyası ilə davam edib.
Odessa şəhərində isə Əhməd Cavad adına Azərbaycan dili həftəsonu məktəbində uşaqlara 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərs keçilib. Məktəbin müəllimi Nəzakət Məmmədova bildirib ki, sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımız gələcək nəsillərə örnəkdir, onların xatirələri daim əziz tutulur.
Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli əzmkarlıq salnaməsidir.
Bundan başqa Odessada fəaliyyət göstərən diaspor təşkilatları 20 Yanvar faciəsi ilə bağlı ehsan verib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

20 yanvar 2020-01-22 09:19:00