×
A
A
A
Sazlamalar

Karate üzrə komandamız Fransada Premyer Liqada çıxış edəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Böyüklərdən ibarət milli komandamız yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate 1 Premyer Liqa turnirində iştirak edəcək.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi heyətdə 12 idmançı və 3 nəfərlik kata komandası yer alıb.
Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun rəhbərliyi altında Firdovsi Fərzəliyev (60 kiloqram), Rafiz Həsənov və Tural Ağalarzadə ( hər ikisi 67 kiloqram), Rafael Ağayev (75 kiloqram), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kiloqram) mübarizə aparacaqlar. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında isə Nuranə Əliyeva (50 kiloqram), İlahə Qasımova (55 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fəridə Əliyeva (+68 kiloqram) medallar uğrunda yarışacaqlar.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.
Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə, həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə “Grand Winners” mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançıları Rafael Ağayevlə (75 kiloqram) İrina Zaretska (68 kiloqram) da var.

İdman 2020-01-22 08:05:00