×
A
A
A
Sazlamalar

Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb

Tbilisi, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində yanvarın 21-də general-polkovnik Zakir Həsənov ilə Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildiriblər.
Söhbət zamanı, həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi bir daha vurğulanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər şəxslər iştirak ediblər.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2020-01-21 19:13:00