×
A
A
A
Sazlamalar

Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Afina, 21 yanvar, AZƏRTAC 

Azərbaycanın Yunanıstandakı səfirliyi və Afinada fəaliyyət göstərən “Webster” Universiteti birlikdə “20 Yanvar – Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsi” mövzusunda konfrans təşkil edib.
Konfransda “Webster” Universitetinin prorektoru Susie Mixalidis, Yunanıstan Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Evangelos Venetis, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Anastasios Drouqos çıxış edərək XX əsrin sonlarında Azərbaycanın yerləşdiyi regionda baş verən siyasi proseslər, Azərbaycan xalqının müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi və bu yolda verilən qurbanlar, müstəqil respublikanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mühüm mövqe haqqında məlumat veriblər.
Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən qaldırması və 1990-cı ilin yanvar hadisələrinə aparan digər ictimai-siyasi hadisələr haqqında məlumat verib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 20 Yanvar qırğını ilə bağlı Azərbaycanın etiraz səsinin ucaldılmasında və faciəyə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayan diplomat, həmçinin müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin keçdiyi inkişaf yolu və qazanılan nailiyyətlər haqqında məlumat verib. Tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilən videoçarx nümayiş etdirilib.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Afina

20 yanvar 2020-01-21 11:28:00