×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Avstraliyada da anılıb

Kanberra, 21 yanvar, AZƏRTAC

Yanvar 20-də Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən assosiasiyanın sədri Mikayıl Oyta, təşkilatın fəalları Nazim Salahov və Sima Oyta 30 il əvvəl baş vermiş hadisənin səbəb və nəticələrindən danışıblar.
Qeyd edilib ki, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlı öz ata-baba torpaqlarından çıxarılıb və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn təxribatlar nəticəsində həmin qanlı hadisələr törədilib. Sovet rəhbərliyi xalqımızın bununla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ordunun mülki əhaliyə qarşı amansız divan tutması haqqında qərar verib, lakin bu qanlı faciə mübariz Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərə bilməyib.
Vurğulanıb ki, Azərbaycan xalqı həmin hadisələrin qurbanlarını yüksək qiymətləndirir və onların əziz xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.
Tədbirdə Sidney şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

20 yanvar 2020-01-21 09:04:00