×
A
A
A
Sazlamalar

Yaponiya televiziyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb VİDEO

Tokio, 21 yanvar, AZƏRTAC

Yanvarın 20-də Yaponiyanın “World Investors TV” internet televiziyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb.
Verilişin aparıcıları Kazuyasu İşida və Yasuhiro İşibaşinin suallarını cavablandıran Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Vüqar Ağayev qeyd ediblər ki, 30 il əvvəl Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Bildirilib ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdi.
Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatlar da təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və digər rayonlarda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürülüb, 744 insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulub, həkimlər qətlə yetirilib.
Vurğulanıb ki, xalqımız o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə ulu öndər Heydər Əliyevin - qüdrətli liderin respublikada olmaması günün ən böyük həqiqəti kimi dərk olundu. Ümummilli lider Moskvada xüsusi nəzarət altında ola-ola hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini siyasi və hüquqi baxımdan qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Məhz ulu öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Verilişdə qeyd edilib ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Bildirilib ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.
Veriliş zamanı faciənin əks olunduğu fotolar da yapon tamaşaçılara təqdim olunub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

20 yanvar 2020-01-21 08:56:00

Video