×
A
A
A
Sazlamalar

Əli Məmmədov: 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq

Bakı, 20 yanvar, AZƏRTAC

Milli birliyin və vətənpərvərliyin rəmzinə çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin şanlı səhifələrindəndir. Hər il milyonlarla insan Şəhidlər xiyabanını ziyarət edərək xalqın qəhrəman övladlarının xatirəsini anır. 20 Yanvar şəhidlərinin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı sakini Əli Məmmədov deyib.
O bildirib ki, 20 Yanvar faciəsində həlak olanlar əsl qəhrəmanlarıdır. Onlar xalqımızın milli azadlıq, müstəqillik arzuları uğrunda canlarını qurban veriblər. Bu qanlı faciə zamanı yalnız ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyib. Azərbaycanda hakimiyyətə qayıdışdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin martında Milli Məclis 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, qəhrəman övladlarının əziz xatirəsini böyük ehtiramla yad edir. Azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi olan şəhidlərimiz və Şəhidlər xiyabanı bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacaq.

Qan yaddaşı 2020-01-20 18:27:00