×
A
A
A
Sazlamalar

Qanlı Yanvar hadisələrinin şahidi: O dəhşətli gecədə gördüklərimi unuda bilmirəm

Ağcabədi, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda əhaliyə sovet qoşunları tərəfindən amansız divan tutuldu. Lakin sovet rəhbərliyi öz qanlı cinayətləri ilə xalqımızın azadlıq eşqini söndürə bilmədi. Həmin Qanlı Yanvar gecəsi xalqımızın azadlıq və müstəqillik tarixinin yeni səhifəsinə çevrildi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Ağcabədidəki Şəhidlər xiyabanını ziyarətə gəlmiş 20 Yanvar hadisələrinin şahidi Kəmalə Zeynalova söyləyib.
Kəmalə Zeynalova o qanlı gecədə yaşananları xatırlayaraq deyib: “O vaxt qardaşımla mən Bakı Dövlət Universitetində təhsil alırdıq. Həmin gecə qardaşım da imperiyaya etiraz olaraq digər tələbələrlə birgə küçələrə çıxmışdı. Mən çox narahat olduğum üçün onu axtarmağa getdim. Hər tərəfdən atəş səsləri eşidilirdi. Küçələrin birində yerə yıxılmış yaralı gördüm. Ayağından yaralanmışdı. Yaxınlaşıb kömək etmək istədim. Bizə tərəf bir tankın sürətlə gəldiyini görüb kənara çəkildim. Tank yaralının üstündən keçib onu parça-parça etdi. O dəhşətli anları unuda bilmirəm. 30 il keçməsinə baxmayaraq, həmin gecəni yuxularımda görürəm".
20 Yanvar şəhidlərinin qanı bahasına dövlət müstəqilliyimizi qazandığımızı deyən K.Zeynalova suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib.

Regionlar 2020-01-20 18:23:00