×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sankt-Peterburqda anım mərasimi keçirilib

Moskva, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sankt-Peterburqda Baş Konsulluğun təşkilatçılığı ilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diaspor üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, burada orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rus tələbələr, Baş Konsulluğun diplomatları iştirak ediblər.
Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Baş konsul Sultan Qasımov, Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Vaqif Məmişov və digər şəxslər çıxış ediblər.
Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olub. O vurğulayıb ki, 20 Yanvar hadisələri öz miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib və milli məsələlərin zorakı yollarla həlli cəhdlərini pisləyib. Məhz Heydər Əliyev öz xalqına sədaqət, mərdlik və mətanət nümayiş etdirərək, bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb. “İndi Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq”, - deyə S.Qasımov vurğulayıb.
Sonra 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Qan yaddaşı 2020-01-20 18:21:00