×
A
A
A
Sazlamalar

Şəhid verməyi bacaran xalq heç vaxt məğlub olmaz

Bakı, 20 yanvar, AZƏRTAC 

Doğma Vətən torpaqlarının azadlığı uğrunda şəhid olanların hər birinin xatirəsi əzizdir. Ona görə də hər il onların uyuduğu müqəddəs məkanı ziyarət etməyi özümə borc bilirəm. Düz 30 ildir ki, hər il 20 Yanvar günü Şəhidlər xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü və xalqımızın azadlığı yolunda şəhid olan Vətən övladlarının qarşısında ehtiramımı bildirirəm.
Bu sözləri Şəhidlər xiyabanını ziyarət etməyə gələn Salyan şəhərinin sakini Ağakərim Manafov AZƏRTAC-a müsahibəsində deyib. Həyat yoldaşı Təranə Manafova ilə ziyarətə gələn həmsöhbətimiz bildirib: “Salyanda mənzilimin divarlarını müqəddəs yolda həlak olan şəhidlərin şəkilləri bəzəyir. Həyat yoldaşım həmişə həmin şəkillərin üstünün tozunu alır, onları doğma övladı kimi əzizləyir. Şəhid verməyi bacaran, torpağı qanla suvarılan və bu yolda həlak olanların xatirəsini uca tutan millət heç vaxt məğlub olmaz. Ona görə də xalqımızın apardığı haqq və azadlıq mübarizəsinin qələbə ilə nəticələnəcəyinə inanıram”.

Qan yaddaşı 2020-01-20 18:11:00