×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü Şəmkirdə dərin hüznlə anılıb

Şəmkir, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Şəmkir rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü dərin hüznlə yad edilib.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar.
Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiyalar dinlənilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına yürüş ediblər. Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinə başsağlığı verərək, şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib. Bildirilib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Ziyarətçilər məzarlara qərənfillər düzüb, şəhidlərə Allahdan rəhmət diləyiblər.

Regionlar 2020-01-20 17:52:00