×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın milli qürur tarixidir

Qazax, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 30 il ötür. Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü respublikamızın qərb bölgəsində də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
Əvvəlcə şəhidlərin ruhuna dua oxunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qazax şəhərində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Sonra Bakı Dövlət Universitetinin Qazax filialının və Sosial-İqtisadi Kollecin tələbələri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Regionlar 2020-01-20 17:36:00