×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindəndir

Qəbələ, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümü Qəbələ rayonunda da silsilə tədbirlərlə geniş qeyd olunub. Tədbirlər planına uyğun olaraq, yanvarın əvvəllərindən etibarən rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda Qanlı Yanvara həsr olunmuş müxtəlif tədbirlər keçirilib. Ümumtəhsil ocaqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər hazırlanıb, rəsm sərgiləri, şeir və inşa yazı müsabiqələri, ədəbi-bədii gecələr təşkil olunub.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Qəbələ şəhərindəki Şəhidlər kompleksinin qarşısına toplaşıb. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və toplantı iştirakçıları kompleksdə alovlanan Əbədi Məşəlin önünə və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid qəbələlilərin uyuduğu məzarların üzərinə gül dəstələri düzüblər. Sonra izdihamlı insan axınının abidə kompleksinə ziyarəti başlayıb. Saat 12-də rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələlilər Azərbaycanın azadlıq salnaməsini öz qanları ilə daş kitabələrə yazan və 20 Yanvar gecəsi öz canlarını Vətən uğrunda fəda edən qəhrəman insanları heç vaxt unutmur, onların əziz xatirəsini daim uca tuturlar.

Regionlar 2020-01-20 17:06:00