×
A
A
A
Sazlamalar

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib

Tbilisi, 20 yanvar, AZƏRTAC

Tbilisidəki Gənclər Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə açılan fotosərgi ilə tanış olublar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək xalqımızın müstəqillik uğrunda mübarizə tarixindən danışıb, 20 Yanvar faciəsinin əsl səbəb və nəticələri barədə məlumat verib. O, Bakı və digər şəhərlərdə günahsız və əliyalın vətəndaşlara qarşı törədilmiş qətliamın xalqımızın mübarizə əzmini qırmağa yönəlmiş cinayət olduğunu diqqətə çatdırıb. Bildirib ki, Qanlı Yanvar Azərbaycan tarixinə ən qanlı cinayət kimi düşüb.
1989-cu il aprelin 9-da Tbilisidə eyni qanlı hadisələrin törədildiyini vurğulayan səfir deyib: “Azərbaycan və gürcü xalqları azadlığa gedən yolda oxşar talelər yaşayıblar. Hər iki xalq azadlıq sevgisini öz ürəklərində yaşadırdı və müstəqillik yolunda qurbanlar verib. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunda dönüş nöqtəsinə çevrilib, müstəqillik tarixinin bu səhifəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq”.
D.Həsənov 20 Yanvarla bağlı ədalətin bərqərar olunmasında, faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Bildirib ki, Heydər Əliyev faciədən sonra vətəndaş şücaəti nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi qətliama qəti etirazını ifadə edib, bu qanlı faciəni qətiyyətlə pisləyib.
Səfir deyib ki, 9 Aprel və 20 Yanvar hadisələri xalqlarımızın tarixinə qanla yazılmış qəhrəmanlıq salnaməsidir.
Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia çıxış edərək Azərbaycan xalqına başsağlığı verib. Bildirib ki, 9 Aprel və 20 Yanvar faciələri qurbanlarının xatirəsi heç zaman unudulmayacaq. Biz bu tarixi qeyd etməklə gələcək nəsillərə çatdırmalıyıq. Bu həm də bizim düşmənlərimizə bir cavabdır. Azərbaycan və gürcü xalqlarının mübarizə əzmini qırmaq olmaz, heç kim bunu unutmasın.
Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan anım tədbirləri Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Kaspi, Qaraçöp, Telavi, Qardabani, Marneuli rayonlarında da keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2020-01-20 16:59:00