×
A
A
A
Sazlamalar

İsrailin Bat-Yam şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı, 20 yanvar, AZƏRTAC
İsrailin Bat-Yam şəhərində 1990-cı il Yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin qurbanlarının xatirəsi yad edilib.
“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilmiş tədbir İncəsənət İnstitutunun yeni rəsm qalereyasında keçirilib.
AZƏRTAC Assosiasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirə toplaşanlara 1990-cı ilin Qanlı Yanvar günlərində Bakı sakinləri, hazırda İsraildə yaşayan Qriqori Rayxman və Alik Mehdiyev tərəfindən çəkilmiş sənədli fotoşəkillər nümayiş etdirilib. Bu fotoşəkillər Bakıya yeridilmiş sovet qoşunları qarşısına çıxan hər kəsi və hər şeyi amansızcasına, xüsusi qəddarlıqla məhv etdiyi saatlarda və günlərdə çəkilib. Tankların və artilleriyanın qarşısında nəinki insanlar, hətta nəqliyyat vasitələri də davam gətirə bilmirdi. Bu insanlar heç nə ilə müqayisə edilə bilməyəcək vandalizmin və qəddarlığın qurbanı oldular.
Gecənin aparıcısı, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman o qanlı faciədən əvvəlki hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqının öz müstəqilliyinə nail olmaq cəhdləri barədə məlumat verərək qeyd edib ki, yüzlərlə günahsız dinc insan bu qanlı qırğının qurbanı olub.
Gecəyə gələnlər “Qara Yanvar” qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Azİz” Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak tədbirdə çıxış edib. O vurğulayıb ki, 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr bakılıların həyatını və taleyini iki hissəyə bölüb – faciədən “əvvəlki” və “sonrakı” hissələr. O vaxt heç kəs ağlına da gətirməzdi ki, tezliklə Sovet İttifaqı dağılacaq, insanlar doğma yurdlarını tərk etməyə başlayacaq, bu qanlı hadisələr isə Azərbaycanın müstəqilliyə qovuşması ilə nəticələnəcək.
Məşhur jurnalist Viktoriya Dolinskaya da o faciəli günlər barədə xatirələrini bölüşüb. V.Dolinskaya deyib ki, 20 Yanvar tarixini özünün ikinci doğum günü hesab edir, çünki Bakıdan Sumqayıta gedərkən tankların arasından salamat keçə bilməsi əsl möcüzə idi.
Bakılı Daniel Basin həmin yanvar günləri barədə fikirlərini bölüşmək arzusunda olduğunu bildirib. Əvvəllər Bakıda yaşamış, indi Nyu-York sakini olan Olqa Eppelbaum qeyd edib ki, həmin günlər Sovet İttifaqının silahlı qüvvələri tərəfindən öz xalqına qarşı törədilmiş bu ədalətsiz, qəddar aksiyanın şahidi olmuş hər kəsin xatirəsində silinməz iz kimi qalacaq.
Gecənin sonunda hər kəs eyni arzunu ifadə edib: “Qoy bu faciə heç vaxt və heç yerdə təkrarlanmasın, Azərbaycan yaxın gələcəkdə öz ərazi bütövlüyünü bərpa etsin”.

20 yanvar 2020-01-20 16:37:00