×
A
A
A
Sazlamalar

Fazil Qurbanov: Suveren Azərbaycan xalqımıza əl qaldırmağa cəsarət edənlərə ən yaxşı cavabdır

Moskva, 20 yanvar, AZƏRTAC

Rusiyadakı Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanovun təşəbbüsü ilə yanvarın 19-da Moskvada 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələr zamanı şəhid olmuş Azərbaycan övladlarının xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Onlar günahsız Qara Yanvar şəhidlərinə həsr olunmuş stendin önünə çiçəklər qoyublar.
Rusiyanın Azərbaycan diasporunun lideri Fazil Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına başsağlığı verərək deyib: “Mən həmin hadisələri yenidən danışmaq istəmirəm, siz bunları çox gözəl bilirsiniz. Bilirsiniz ki, günahsız dinc sakinlərə adi bir şey kimi atəş açıblar, pəncərələrə atəş açıblar. Bu gün Azərbaycan inkişaf edir, Azərbaycan suveren dövlətdir, dünyada onunla hesablaşırlar və bu da Azərbaycan xalqına əl qaldırmağa cəsarət edənlərə ən yaxşı cavabdır”.
Qanlı Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi, milli birlik və həmrəylik nümunəsi kimi yazıldığını vurğulayan akademik deyib: “Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”
Professor Kamran Rüstəmov 30 il əvvəl törədilmiş qanlı hadisələrin xronikasını açıqlayıb. Tarix elmləri doktoru Manaf Ağayev bildirib ki, o, Azərbaycan xalqının ulu öndəri, böyük siyasi xadim Heydər Əliyevin Bakıda baş vermiş dəhşətli hadisələrdən sonra, yanvarın 21-də Moskvada Azərbaycanın indiki səfirliyinin binasına ailəsi ilə birlikdə gəlməsinin və bu hadisələrə qətiyyətlə etiraz etməsinin şahidi olub. O deyib: “Heydər Əliyev ümummilli lider kimi, o vaxt Azərbaycanın hələ elan edilməmiş müstəqilliyinin tarixinin ilk səhifəsini yazdı. Həmin hadisələrə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra layiqincə qiymət verildi və bu faciə SSRİ-nin Azərbaycan xalqına qarşı hərbi təcavüz aktı kimi qiymətləndirildi”.
Tədbirdə Moskvadan və Rusiyanın digər regionlarından Azərbaycan diasporunun nümayəndələri çıxış ediblər.
Sonda şair, publisist İlham Bədəlbəyli Bakıda 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi şeirindən bir parça oxuyub.
Fəridə Abdullayueva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

20 yanvar 2020-01-20 16:32:00