×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir

Şəki, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin otuzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi, Şəkidə də Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd olunub. Ümumxalq Hüzn Günü ərəfəsində rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində, mədəniyyət ocaqlarında anma mərasimləri keçirilib, şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışları, inşa yazı müsabiqələri, sərgi və guşələr təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində ümumşəhər toplantısı keçirilib.
Şəhər rəhbərliyi, əmək kollektivləri, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid oğulların məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ümumşəhər toplantısında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Yalçın Sadıqlı, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.
Çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilib.

Regionlar 2020-01-20 16:16:00