×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 30-cu ildönümü bölgələrdə böyük izdihamla qeyd olunub

Neftçala, 20 Yanvar, Mahir Babayev, AZƏRTAC

20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərləri, yüzlərlə neftçalalı 20 Yanvar faciəsi qurbanlarının abidəsini ziyarət edib, azadlıq mübarizlərini ehtiramla anıblar.
Mərasimdə bildirilib ki, Bakıdakı qırğınlardan sonra sovet hərb maşını xalqın iradəsini qırmaq üçün bölgələrə də üz tutmuşdu. Neftçalada rayonun mərkəzində şütüyən tanklar təkcə insanları deyil, yaşayış evlərini, ictimai binaları da güllələyirdi. O günlərdə Neftçala da azadlıq, müstəqillik uğrunda üç şəhid verdi. Əbülfəz Cəfərov, Nurədddin Ağahüseynov, Şəmsəddin Orucov şəhidlik zirvəsinə ucaldı, 10 nəfər neftçalalı isə həmişəlik əlil oldu.
Anım mərasimi məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərinin nümayişi və ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə və əlillərinə maddi yardım olunub.

X X X

Salyanda 20 Yanvar şəhidlərinin anım mərasimi 20 Yanvar xatirə kompleksindən başlanıb.
Abidə önünə əklil və gül dəstələri qoyulduqdan sonra rayonun icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və yüzlərlə sadə salyanlı 20 Yanvarda şəhid olan və Salyan qəbiristanlığında uyuyan Elçin İmanovun məzarını da ziyarət ediblər.
Sonra ərazi bütövlüyümüz uğrunda canından keçən salyanlı şəhidlərin uyuduğu Şəhidlər xiyabanına baş çəkilib.
Daha sonra 20 Yanvar şəhidi Elçin İmanovun ailə üzvləri ilə görüş olub.
Mərasim iştirakçıları Salyan Dövlət Kukla Teatrına gələrək 20 Yanvar faciəsinə həsr olunan rəsm əsərləri ilə tanış olub, teatrın kollektivinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar.

X X X

İmişlidə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlıq və bütövlüyü yolunda şəhid olan Vətən oğullarının məzarlarını ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər. 1941-1945-ci il abidə kompleksi də ziyarət olunub.
Mərasimdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 30 il əvvəl sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan, günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. O müdhiş yanvar gecəsində qəhrəman vətən oğlanlarının göstərdiyi qəhrəmanlıqları konkret faktlarla yada salıb. Bildirib ki, 20 Yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil olub.

X X X

20 Yanvar faciəsinin 30-cu ildönümü Biləsuvarda da böyük izdihamla qeyd olunub.
Rayonun icra strukturlarının rəhbərləri, minlərlə biləsuvarlı Vətən uğrunda canından keçən qəhrəman övladların xatirəsinə ucaldılan 20 Yanvar abidəsi və Şəhidlər xiyabanını ziyarət edib. İstiqlal tariximizin qəhrəmanlarının abidəsi önünə gül dəstələri qoyularaq xatirələi ehtiramla yad olunub.
Sonra mərasim iştirakçıları rayonun Çaylı kənd məzarlığında uyuyan 20 Yanvar şəhidləri Əlimərdan Hüseynov və Baba Xammədovun məzarlarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.
Anım mərasimində biləsuvarlı şəhidlərimizə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2020-01-20 16:01:00