×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 20 yanvar, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.
SHXÇDX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev xalqımızın azadlıq mübarizəsi tarixinə əbədi həkk olunmuş 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda mühüm mərhələ olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 2019-cu il 13 dekabr tarixli Sərəncamı ilə hər il olduğu kimi bu il də ölkəmizdə və dünyada o qanlı hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsinin yad olunduğu qeyd edilib. Vurğulanıb ki, o müdhiş gecə əliyalın əhalinin üzərinə ən ağır hərbi texnika və silahlarla hücum zamanı 147 vətəndaşımız şəhid olub, 700 nəfərdən çox günahsız insan xəsarət alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi alim Firdovsiyə Əhmədova 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib, bu tarixin Azərbaycanın azadlığı uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu bildirib. O, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında sovet imperiyasının törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmasını, əliyalın xalqımıza qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını diqqətə çatdırıb. 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verildiyi xüsusi vurğulanıb.
SHXÇDX-də 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi hazırlanıb.
Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də 20 Yanvar şəhidlərinin anım mərasimləri keçirilib.

20 yanvar 2020-01-20 15:50:00