×
A
A
A
Sazlamalar

Səyyar Musayev: Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Şəmkirdən Bakıya piyada gəlmişəm

Bakı, 20 yanvar, AZƏRTAC

Şəhidlər xiyabanını ziyarət edən yüz minlərlə sakindən biri də Şəmkir rayonunun Sabirkənd kənd sakini Səyyar Musayevdir. O, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Şəmkirdən Bakıya piyada yol qət edib. Yanvarın 12-də səhər saatlarında Sabirkənddən çıxaraq Şəhidlər xiyabanına qədər 410 kilometr məsafə yol gəlib.
Səyyar Musayev AZƏRTAC-a müsahibəsində deyib ki, qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın müstəqilliyi uğrunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. “Torpaq – uğrunda ölən varsa Vətəndir!” – deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz – ölümü ilə ölümsüzlüyə qovuşanlar bu deyimi daha parlaq şəkildə sübuta yetirdilər. Vətən anadır və onun gələcəyi naminə canını qurban verənlər ən xoşbəxt insanlardır.
“20 Yanvar Azərbaycan xalqının yaddaşına dərin hüzn və kədər günü kimi həkk olundu. Amma bu gün həm də bizim qürur günümüzdür. Bu faciə heç vaxt yaddan çıxmayacaq. Şəhidlərimizin əziz xatirəsi onları sevənlərin qəlbində həmişə yaşayacaq”, - deyə Səyyar Musayev bildirib.

20 yanvar 2020-01-20 15:18:00