×
A
A
A
Sazlamalar

Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsini daha da gücləndirib

Pekin, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyində 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Hindistanın dövlət, ictimai və işgüzar qurumlarının nümayəndələri iştirak ediblər.
Səfir Əşrəf Şıxəliyev Azərbaycanda 1988-ci ildə güclənən milli azadlıq hərəkatı haqqında məlumat verib, sovet ordusunun bu hərəkatın qarşısını almaq məqsədilə Azərbaycana girməsi nəticəsində xeyli sayda dinc sakinin qətlə yetirilməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumatları diqqətə çatdırıb.
Səfir bildirib ki, faciədən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək keçmiş SSRİ rəhbərliyinin qərarını qətiyyətlə pisləyib. Faciədən sonra Azərbaycan xalqının azadlığa doğru mübarizəsi daha da güclənib. Verilən qurbanlara və Ermənistanın hərbi təcavüzünə qarşı müharibə nəticəsində yaşadığı çətinliklərə baxmayaraq, hazırda Azərbaycan sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik, eyni zamanda, tolerantlıq və multikulturalizm ənənələrinə əsaslanan dövlətdir.
Tədbirdə Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyətinə və perspektivlərinə, o cümlədən iqtisadi əlaqələrə, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanlarına dair çoxsaylı suallar cavablandırılıb.
Sonda Qara Yanvar qurbanlarının xatirəsinə ehsan verilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

20 yanvar 2020-01-20 15:00:00