20 Yanvar şəhidlərinin xatirəsi Qaxda böyük ehtiramla anılıb
Qax, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin otuzuncu ildönümü Qax rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax rayon ictimaiyyətinin, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə vətəndaşlar səhər saatlarından etibarən axın-axın Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda müharibədə şəhid olmuş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, 20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, həmin hadisələrdən otuz il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaqdır. Bu qanlı faciənin əsas səbəbkarı isə o vaxtlar SSRİ-yə rəhbərlik edən M.Qorbaçov olub. Həmin gün milli azadlığı, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalq kütləvi terrorla üz-üzə qalıb, yüzlərlə insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olub, yaralanıb, itkin düşüb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov və başqaları çıxış edərək, 20 Yanvarın Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunduğunu bildiriblər. Faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Həmin gün saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək