×
A
A
A
Sazlamalar

Həmin gecə qəhrəman oğul və qızlarımız sübut etdilər ki, xalqımızın iradəsini qırmaq mümkün deyil

Bakı, 20 yanvar, AZƏRTAC

Mən demək olar ki, hər il Şəhidlər xiyabanını ziyarət edirəm və bunu öz vətəndaşlıq borcum hesab edirəm. Bu xiyabanda xalqımızın mərd oğul və qızları uyuyurlar. Onların arasında mənimlə Bakı batalyonunda vuruşmuş dostlarım da var. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhər sakini Qulu Gülməmmədov deyib.
O deyib ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakı qan ağlayırdı. Toplar, mərmilər guruldayır, şəhərdən ölüm qoxusu gəlirdi. Mərd, vətənpərvər oğullar, azadlıq aşiqləri tankların qabağına əliyalın çıxdılar, sinələrini düşmən gülləsinə tuş etdilər. Sovet ordusunun əsgərləri insaf nə olduğunu bilmir, uşaq, qoca, cavan, qarşılarına keçəni biçib-tökür, günahsız insanları qanlarına qəltan edirdilər. Azğın düşmənlərə sinə gərən mərd oğul və qızlarımız sübut etdilər ki, Azərbaycanın müstəqilliyi əbədidir və xalqımızın iradəsini qırmaq mümkün deyil. Canını Vətənimizin müstəqilliyi yolunda qurban verən insanların xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaq.

20 yanvar 2020-01-20 14:08:00