×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi İstanbulun Yeni Yüzyıl Universitetində anılıb

İstanbul, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də İstanbulun Yeni Yüzyıl Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, universitetin idarə heyətinin sədri Azmi Ofluoğlu və bu ali təhsil müəssisəsinin əməkdaşları 1990-cı ilin 20 Yanvar hadisələri barədə məlumat verib, o gecə Bakıda və ətraf rayonlarda törədilən qanlı hadisədən danışıb, bu günün Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.
Bildirilib ki, 20 Yanvar hadisələri zamanı 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Bu cinayət ölkə vətəndaşlarının hüquqlarını pozmaqla yanaşı, Azərbaycan xalqının demokratiya, milli azadlıq istəyini boğmaq məqsədi daşıyıb.
Çıxışlarda Azərbaycan və Türkiyənin tarixi əlaqələrindən də söz açılıb.
Tədbir çərçivəsində universitetin qalereyasında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.
Sərgiyə baxan universitetin müəllim-tələbə heyəti və qonaqlar müstəqillik uğrunda mübarizədə şəhid olan soydaşlarımızın xatirəsini ehtiramla yad etdiklərini bildiriblər.
Mərasimdə konsulluğun və universitetin əməkdaşları, siyasət, elm və mədəniyyət xadimləri, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, dövlət rəsmiləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

20 yanvar 2020-01-20 14:05:00