×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Aşqabadda anım tədbiri keçirilib

Aşqabad, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verərək, bu günün Azərbaycan xalqının müstəqillik tarixindəki yeri barədə danışıb. Bu qətliamın məqsədinin xalqın milli iradəsini qırmaq, onu başına gətirilənlərlə barışmağa məcbur etmək olduğunu bildirən diplomat həmin hadisənin sovet rejiminin xislətini, onun məqsədinin xalqları müstəmləkədə saxlamaq olduğunu ortaya çıxardığını bildirib. Həmin gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən tanklar və digər ağır texnikaların şəhərə yeridildiyini, dinc əhalinin atəşə tutulduğunu, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 150 nəfər silahsız mülki şəxsin amansızcasına öldürüldüyünü diqqətə çatdıran səfir ovaxtkı respublika rəhbərliyinin xəyanətkarlığının sovet rejimindən geri qalmadığını diqqətə çatdırıb.
Həsən Zeynalov mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıran, onun təqsirkarlarını açıq şəkildə ifşa edən yenə də xalqının sədaqətli oğlu Heydər Əliyev olduğunu bildirib, Ulu Öndərin qətliamdan dərhal sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransı barədə məlumat verib, dünya ictimaiyyətinin faciəni və onun mahiyyətini bu mətbuat konfransı vasitəsilə öyrəndiyini qeyd edib.
Diplomat 20 Yanvar faciəsinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini, şəhidlərin xatirəsinin əbədiləşdirildiyini, “20 Yanvar Şəhidi” fəxri adının təsis olunduğunu diqqətə çatdırıb, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib. O, şəhidlərin ruhunun şad olması üçün müstəqil dövlətimizin güclənməsi naminə hər bir azərbaycanlının əlindən gələni etməli olduğunu bildirib, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin buna ən yaxşı nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər 1990-cı ilin 20 yanvarının həm də dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, bütün azərbaycanlıların ürəyində yaşadığını qeyd ediblər. Çıxışçılar xalqımızın azadlıq və dövlətçilik mübarizəsində əzminin heç zaman zəifləməyəcəyini, əksinə, daha da güclənəcəyini bildiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxıblar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

20 yanvar 2020-01-20 13:44:00